cümə 26 iyun 2026 - 02:49
Türkiyədə keçirilən Aşura mərasimində yüz minlərlə insan iştirak edib

Hövzə | Yüz minlərlə Əhli-beyt (ə) tərəfdarları İstanbulun Halkalı şəhərində keçirilən Aşura mərasimində Kərbəla şəhidlərini anıb. Mərasimdə Aşuranın ədalət, İslam birliyi və zülm ilə mübarizə aparmaq xüsusi vurğulanıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət İmam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadətinin 1387-ci ildönümü münasibətilə İstanbulun Halkalı şəhərində keçirilən Aşura mərasimində yüz minlərlə Əhli-beyt (ə) aşiqi bir araya gəlib.

Mərasimdə Türkiyə şiələrinin lideri Höccətül-İslam vəl-müslimin Şeyx Səlahəddin Özgündüz, CAFERİDER-in sədri Həsən Babur, Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz, İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf, Ələvi–Bəktaşi Mədəniyyəti və Cəm Evləri qurumunun rəhbəri Esma Ersin, CEM vəqfinin ələvi İslam inanc xidmətlərinin rəhbəri Məsud Yıldırım, İstanbul valisi Davud Gül, İstanbul Böyükşəhər Bələdiyyəsinin səlahiyyətlərini icra edən əməkdaşı Nuri Aslan, həmçinin dövlət rəsmiləri, din xadimləri, ictimai-siyasi xadimlər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

«Kanal 12» telekanalının prodüseri Məhəmməd Çaçanın aparıcılığı ilə keçirilən mərasim tanınmış beynəlxalq Quran qarisi Anar Məmədovun Quran tilavət etməsi ilə başlayıb.

Həsən Babur: Kərbəla haqqın, ədalətin və mübarizənin əbədi məktəbidir

CAFERİDER idarə heyətinin sədri və beynəlxalq Aşura mərasiminin təşkilatçısı Həsən Babur çıxışında bildirib: «Kərbəla təkcə tarixi bir hadisə deyil, haqqla batilin, ədalətlə zülmün, izzətlə zillətin qarşı-qarşıya gəldiyi əbədi bir məktəbdir.»

Həsən Babur əlavə edib: «Həzrət İmam Hüseyn (ə) İslam dinini, o cümlədən həqiqət və insan ləyaqətini qorumaq naminə öz canını, ailəsini, eləcə də övladlarını, qardaşlarını və vəfalı səhabələrini fəda etdi. Kərbəla bizə öyrətdi ki, haqq yolunda dayanmağın bədəli var, lakin zülm qarşısında təslim olmağın bədəli bundan qat-qat ağırdır.»

Həsən Babur vurğulayıb: «Əgər İmam Hüseyn (ə) kimi canımızı fəda edə bilmiriksə, heç olmasa həzrət Zeynəb (s.ə) kimi həqiqətin carçısı olmalıyıq. Kərbəla bizə yalnız göz yaşı tökməyi deyil, həm də haqq uğrunda yaşamağı və ona sadiq qalmağı öyrədib.»

Məsud Yıldırım: Hər gün Aşura, hər yer Kərbəladır

CEM vəqfinin ələvi İslam inanc xidmətlərinin rəhbəri Məsud Yıldırım çıxışında Kərbəla hadisəsinin tarixi bir olaydan daha böyük məna daşıdığını bildirərək deyib: «Həzrət İmam Hüseyn (ə) hakimiyyət uğrunda deyil, İslam dinini, ədaləti və həzrət Peyğəmbərin (s) bəşəriyyətə çatdırdığı ilahi həqiqəti yaşatmaq üçün qiyam etdi.»

O əlavə edib: «Həzrət İmam Hüseynin (ə) şəhadətindən sonra Kərbəla artıq yalnız bir məkanın, Yezid isə təkcə tarixi bir şəxsiyyətin adı olmadı. Harada zülm varsa, orası Kərbəladır və haqqla batilin üz-üzə gəldiyi hər gün Aşuradır.»

Esma Ersin: Yolumuz İmam Əlinin (ə), mövqeyimiz İmam Hüseynin (ə) mövqeyidir 

Ələvi–Bəktaşi Mədəniyyəti və Cəm Evləri qurumunun rəhbəri Esma Ersin həzrət İmam Hüseynin (ə) Türkiyə xalqının mənəvi həyatındakı roluna toxunaraq bildirib: «Hüseyn adı təkcə bir ad deyil. O zülmə qarşı müqavimətin, mərhəmətin və insan ləyaqətinin simvoludur.»

O vurğulayıb: «Həzrət İmam Hüseyn (ə) bizə öyrətdi ki, haqqın meyarı insanların çoxluğu və ya zahiri güc deyil, niyyətin saflığı və vicdanın oyaqlığıdır.»

Nuri Aslan: Kərbəla zülmə qarşı əbədi müqavimətin simvoludur

İstanbul Böyükşəhər Bələdiyyəsinin səlahiyyətlərini icra edən əməkdaşı Nuri Aslan çıxışında Məhərrəm ayını zülm qarşısında əyilməyənlərin hüzn və ehtiram ayı kimi dəyərləndirib.

O bildirib: «Kərbəla bizim üçün həzrət Rüqəyyənin (s.ə) göz yaşları, həzrət Əli Əsğərin (ə) beşiyi, həzrət Əbülfəzl Abbasın (ə) bayrağı, Hürrün imanı və həzrət İmam Hüseynin (ə) zülmə qarşı misilsiz müqavimətidir.»

Nuri Aslan, həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun iştirakçılara ünvanladığı müraciəti çatdıraraq deyib: «Türkiyənin Cəfəri icması tarix boyu bütün çətinliklərə baxmayaraq, daim ədalətin, sülhün və qardaşlığın müdafiəçisi olub.»

Davud Gül: Bu torpaqlarda Yezidə heç vaxt yer olmayıb

İstanbul valisi Davud Gül mərasim iştirakçılarının ictimai birlik və həmrəyliyin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndirərək bildirib: «Bu torpaqlar əsrlərdir fərqli inanc və mədəniyyətlərin qarşılıqlı hörmət və birgəyaşayış içində yaşadığı bir coğrafiyadır.»

O əlavə edib: «Anadolu sakinləri əsrlər öncə Kərbəla ilə bağlı öz mövqeyini müəyyənləşdirib. Bu millət hər zaman haqqın və həqiqətin yanında, zülmün isə qarşısında dayanıb.»

Davud Gül vurğulayıb: «Bu torpaqlarda Ramazan, Ömər, Əbubəkr və Osman adları yaşadığı kimi, Məhərrəm, Əli, Həsən və Hüseyn adları da yaşayır. Fatimələrin və Aişələrin birgə yaşadığı bu coğrafiyada Yezidə heç vaxt yer olmayıb.»

İranın təhsil naziri: Çətin günlərdə Türkiyə xalqının dəstəyini unutmayacağıq

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf çıxışında son günlərdə İsrail və ABŞ-nin hücumları zamanı Türkiyə dövləti və xalqının İrana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

O bildirib: «Mən bu gün elə bir ölkədən gəlmişəm ki, Hüseyn ibn Əlinin (ə) övladlarından biri dövrün yezidçilərinin əli ilə şəhid edilib və onun cənazəsi hələ də dəfn edilməyibdir.»

Nazir əlavə edib: «Bu çətin günlərdə məzlum İran xalqının yanında olan Türkiyə xalqına səmimi təşəkkürümü bildirir, Türkiyə dövlətinin və şəxsən Rəcəb Tayyib Ərdoğanın mövqeyini yüksək qiymətləndirirəm.»

Simayi Sərraf vurğulayıb ki, Aşura iki fərqli düşüncə və mədəniyyətin qarşıdurma meydanıdır. «Aşura cahiliyyət mədəniyyəti ilə ağıl, ədalət və İslam mədəniyyətinin qarşıdurmasının təcəssümüdür. Bu, həzrət Peyğəmbərin (s) ədalət, mərhəmət, bərabərlik və sülh prinsipləri əsasında bərqərar etdiyi dəyərlər sistemidir.»

Şeyx Səlahəddin Özgündüz: Aşura İmam Hüseynə (ə) sədaqət əhdinin təzələndiyi gündür

Türkiyənin Cəfəri icmasının dini lideri Höccətül-İslam vəl-müslimin Şeyx Səlahəddin Özgündüz çıxışında bildirib: «Bu gün həzrət Fatimeyi-Zəhra (s.ə) və Allah Rəsulunun (s) adına İmam Hüseyn (ə) üçün əza saxlamaq və Kərbəla şəhidlərinə sədaqət andımızı yeniləmək üçün bir araya gəlmişik.»

O vurğulayıb: «Tövhidə və həzrət Peyğəmbərin (s) risalətinə iman gətirən heç bir müsəlmanı İslamdan kənar hesab etmək olmaz. Fikir ayrılıqları bizi qardaşlıqdan uzaq salmamalıdır.»

Özgündüz Aşura qiyamının mahiyyətinə toxunaraq deyib: «İmam Hüseyn (ə) müharibə etmək üçün deyil, zülmdən uzaq durmaq üçün ayağa qalxmışdı. Lakin Yezidə beyət etmək İslamın can damarına zərbə vurmaq demək idi. Buna görə də o, "Heyhat minnəz-zillət" (zillət bizdən uzaqdır) şüarı ilə bu məcburiyyətə qarşı qətiyyətlə müqavimət göstərdi.»

Cövdət Yılmaz: Kərbəla bu gün də oyaq vicdanlara yol göstərir

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz çıxışında Aşura hadisəsindən əsrlər keçsə də öz aktuallığını qoruduğunu bildirib.

O deyib: «İmam Hüseynin (ə) şəhadəti İslam tarixinin ən böyük faciələrindən biri olaraq qalır. Onun təmsil etdiyi dəyərlər isə müsəlmanların ortaq yaddaşında bu gün də yaşayır.»

Yılmaz vurğulayıb: «Məzhəb fərqlərinin şişirdilməsi yalnız İslam ümmətinin düşmənlərini sevindirir. Biz qarşılıqlı hörmət əsasında ortaq dəyərlərimiz ətrafında birləşməli və birliyimizi qorumalıyıq.»

O əlavə edib: «Kərbəla bizə öyrədir ki, zülm qarşısında susmaq olmaz. Zalımın ən çox qorxduğu şey həqiqətin işığıdır və həqiqəti bəyan etmək zülmkarlara verilə biləcək ən güclü cavabdır.»

Mərsiyələr, Aşura səhnəsi və qanvermə aksiyası

Mərasimin davamında iştirakçılar Zeynəbiyyə Teatr qrupunun təqdim etdiyi, rejissoru Ərdoğan Ünlü olan və Kərbəla faciəsini əks etdirən «Hüseyn dünyanın ümididir» adlı səhnə əsərini böyük duyğu və göz yaşları ilə izləyiblər.

Eyni zamanda, Türkiyə Qızıl Aypara Cəmiyyətinin (Türk Kızılay) «Qan ver, həyat xilas et» şüarı ilə təşkil etdiyi qanvermə aksiyası çərçivəsində yüzlərlə iştirakçı qan bağışlayaraq insan həyatının xilasına öz töhfəsini verib.

Mərasimin yekununda isə Azərbaycanın tanınmış Əhli-beyt (ə) məddahı Seyid Peyman Boradigahının ürəkləri riqqətə gətirən mərsiyələri səsləndirilib. Əhli-beyt (ə) sevərləri sinə vuraraq Kərbəla şəhidlərinin əziz xatirəsini dərin ehtiram və hüznlə yad ediblər.


 

Rəyiniz

You are replying to: .
captcha